REGİONLAR
Gəncədə “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində gənclərin ideya yarmarkası təşkil olunub
Gəncə, 25 iyul, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində gənclərin ideya yarmarkasını təşkil edib.
AZƏRTAC xəbər verir ki, Gəncədə keçirilən və böyük maraqla qarşılanan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.
İdeya yarmarkasını açan Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə təşkil edilən tədbir barədə geniş məlumat verərək, region gənclərinin təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.
O, Avropa Gənclər Paytaxtı kimi əhəmiyyətli titulu qazanmış şəhərdə kifayət qədər təşəbbüskar gəncliyin olduğunu diqqətə çatdırıb. Bu cür gənclərin dəstəklənməsi üçün dövlət və biznes qurumları ilə birgə proqramların işlənib hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov təşkil edilən ideya yarmarkasının əhəmiyyətini diqqətə çatdırıb.
Digər çıxış edən qonaqlar da mərkəz tərəfindən həyata keçirilən ideya yarmarkalarının, o cümlədən “Region gənclərinin inkişafına dəstək” layihəsinin önəmindən danışıblar.
Çıxışlardan sonra ideya yarmarkası işə başlayıb. İştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim ediblər. Yarmarkaya Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarından gənclər də qoşulub.
Kiçik biznes quruculuğu, məktəblilərin və tələbələrin asudə vaxtlarının səmərəli təşkili, informasiya kommunikasiya texnologiyalarının tətbiqi, tələbələrə dəstək, könüllülüyün və peşə təhsilinin inkişafı, ekoloji aksiyaların keçirilməsi, turizmin inkişafı və s. istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunub. Münsiflər heyəti tərəfindən 3 ən çox səs toplayan ideya yüksək qiymətləndirilib.
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, qalib gələn 3 ideyanın reallaşmasına yaxından kömək göstəriləcək.
Qeyd edək ki, ilk dəfə keçirilən bu yarmarka yaxın günlərdə Quba və Ağcabədi rayonlarında da təşkil ediləcək.