REGİONLAR


Gəncədə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub VİDEO

A+ A

Gəncə, 12 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 12-də Gəncədə Məhsəti Gəncəvi Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdirdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Yevlax və Mingəçevir şəhərlərindən, Goranboy, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Ağstafa və Kəlbəcər rayonlarından olan mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər.

Tədbiri açan Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Təqdimatda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev 2016-cı ilin respublikada “Multikulturalizm ili” elan olunması ilə əlaqədar ölkədə həyata keçirilən yerli və beynəlxalq tədbirlərdən, eləcə də multikulturalizmin bəşəri əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycanda aparılan uğurlu siyasətin ən mühüm istiqamətlərindən biri multikulturalizmdir. Bu baxımdan ölkədəki mövcud multikultural ənənələrin qorunması, yaşadılması və təbliğində mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsul işçisi Yadigar Məmmədli “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının necə ərsəyə gəlməsi barədə məlumat verib. Bildirilib ki, kitab Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sədri Kamal Abdullayevin redaktorluğu ilə yazılıb. Kitabın yazılmasında Azərbaycanın bir sıra görkəmli alimlərinin böyük xidmətləri olub.

Ölkədə həyata keçirilən multikulturalizm siyasətindən danışan Yadigar Məmmədli vurğulayıb ki, hazırda Azərbaycanın 28 ali təhsil müəssisəsində, dünyanın isə 13 universitetində multikulturalizm fənni tədris olunur. Sevindirici hal ondan ibarətdir ki, Avropanın və Asiyanın qabaqcıl universitetlərində multikulturalizm fənnini tədris edən müəllimlərin əksəriyyəti azərbaycanlılardır. Hazırda ölkədə multikulturalizm fənninin daha geniş tədrisi və bu sahədə gənc, peşəkar kadrların hazırlanması məqsədilə böyük işlər görülür, mütəmadi peşə hazırlığı kursları, “dəyirmi masa”lar, seminarlar, konfranslar, eləcə də yay-qış məktəbləri təşkil olunur.

Azərbaycandakı multikulturalizmin bütün ölkələr üçün örnək olduğunu deyən Yadigar Məmmədli bildirib ki, hazırda respublikada həyata keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə görə bir sıra nüfuzlu təşkilatların təmsilçiləri Azərbaycanı dünyanın “humanitar Davosu” adlandırırlar.

Daha sonra çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı professor İbrahim Quliyev tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizdə uzun tarixi dövr ərzində formalaşan multikulturalizmi özündə əks etdirir. Tezliklə ingilis və rus dillərində də çap olunacaq kitab Azərbaycan multikulturalizminin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.