REGİONLAR
Gəncədə Beynəlxalq Uşaq Klubu açılıb
Gəncə, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi günündə Gəncə Beynəlxalq Uşaq Klubunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələri də yenidən qurulur. Məhz, Gəncə Beynəlxalq Uşaq Klubu da onlardan biridir.
Qeyd edilib ki, cari ildə 3 məktəbəqədər tərbiyə müəssisəsi yenidən qurularaq fəaliyyətə başlayıb. İlin sonuna kimi daha bir uşaq bağçasının, 4 orta məktəb, 4 peşə məktəbi və 1 ingilis dili təmayüllü internat tipli məktəbin açılışı nəzərdə tutulur.
Gəncə Beynəlxalq Uşaq Klubu ilə tanışlıq zamanı məlumat verilib ki, bina 150 yerlikdir. Burada rus və Azərbaycan bölmələri, rəsm, idman, musiqi, rəqs və ingilis dili dərnəkləri fəaliyyət göstərəcək. Həmçinin ibtidai sinif şagirdləri həftənin 5 günü klubda hazırlıq keçə biləcəklər. Binada 2 yeməkxana və 6 qrup üçün yataqxana, psixoloq, tibb, müəllimlər otağı, idman, oyun və akt zalı var.
Klubun ətrafı abadlaşdırılaraq yaşıllıq zolağı salınıb, həyətdə attraksionlar quraşdırılıb.
Açılış mərasimində fidanlar rəngarəng rəqslər nümayiş etdiriblər. Balacaların çıxışları alqışlarla qarşılanıb.