MƏDƏNİYYƏT


Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi açılacaq

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəncə şəhər uşaq rəssamlıq məktəbinin təşkilatçılığı ilə iyulun 16-17-də Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi keçiriləcək.

Sərginin kuratoru Məhbarə Abbasova AZƏRTAC-a bildirib ki, sərgidə Gəncəyə qonaq gələn S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və Gəncənin dekorativ-tətbiqi sənət rəssamların şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunacaq. Ekspozisiyaya akademiyanın müəllimi Butina Anna Albertovna, tələbələri Anna Kulikova, Mariya Melniçuk, Ekaterina Tarasova, Mariya Smirnova və başqaları, Gəncə rəssamlarından isə Şəhla Nəzərova, Sona Məhərrəmova və digərlərinin ümumilikdə 30 əsəri nümayiş etdiriləcək.

İyulun 16-da açılışı keçiriləcək sərgiyə giriş sərbəstdir.

“Episkeptis” dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis - yunan dilindən tərcümədə “qonaq”, “kimisə dostcasına ziyarət edən şəxs”dir.

Layihənin məqsədi bölgədə olan mədəni həyatın inkişafına təkan vermək, bədii sərgi həyatını canlandırmaq, istedadlı və yaradıcı gənclər arasında beynəlxalq müstəvidə şəbəkələşməni ilkin olaraq qurmaq və gələcək inkişafına zəmin yaratmaq, Gəncədə müxtəlif istiqamətlərdə işləyən tətbiqi-sənət rəssamlarını Rusiyadan olan rəssamlarla bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir.

Sərgidə ümumilikdə 15 rəssamın iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.