REGİONLAR
Gəncədə “Gənc bloggerlər məktəbi” təlimlərə başlayıb
Gəncə, 24 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində “Gənc bloggerlər məktəbi” layihəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi, İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə layihə çərçivəsində keçirilən ilk təlimlərdə 100-ə yaxın fəal gənc iştirak edib.
Açılış mərasimində bildirilib ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar həm dünyada, həm də ölkəmizdə gənclərin sosial media, xüsusən də bloggerlik sahəsində fəallığı müşahidə olunur. Hazırda ölkəmizdə sosial media və bloggerliklə məşğul olan potensiallı gənclər olsa da, bölgələrdə bu sahə üzrə ixtisaslaşmış gənc peşəkarların sayı azlıq təşkil edir. Məhz yeni layihənin həyata keçirilməsində də məqsəd sosial media və bloggerlik fəaliyyəti ilə bağlı gəncləri təlimatlandırmaq və onlardan internet medianın imkanlarından faydalı şəkildə istifadə edən qrup formalaşdırmaqdır.
Layihə çərçivəsində gənclərə internet media, bloqçuluq, sosial şəbəkələr mövzusunda təlimlər keçiriləcək. Gənclərə internet medianın texniki tərəfləri, bloq yaratmaq və tanıtmaq işi öyrədiləcək. Eyni zamanda, onlara sosial şəbəkələrin ayrı-ayrı insanların, təşkilatların və dövlətlərin ictimai həyatına təsir imkanları izah ediləcək.
Vurğulanıb ki, bu cür gənclər gələcəkdə peşəkar blogger və sosial media mütəxəssisi olacaqlar. Həmçinin onlar müxtəlif sahələr üzrə xarici dillərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaqlar.