MƏDƏNİYYƏT
Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktik konfransı keçiriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 2-3-də Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktik konfransı keçiriləcək.
Konfrans ölkə başçısının imzaladığı “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək üçün Gəncə şəhərində müxtəlif mədəni tədbirlərin keçirilməsi məqsədilə tədbirlər planı təsdiq edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən təşkil olunan elmi-praktik konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri iştirak edəcəklər.
Konfransın proqramına Azərbaycan və Rusiyanın bu sahədə yüksək təcrübəyə malik peşəkar mütəxəssislərinin birgə iştirakı ilə iki gün ərzində diskussiyaların, interaktiv elmi debatların aparılması, “dəyirmi masa”ların keçirilməsi, qabaqcıl təcrübəyə və kitabxana-informasiya sahəsində tətbiq olunmuş yeniliklərə əsaslanan mülahizələrin edilməsi və aktual məsələlər üzrə müzakirələrin aparılması daxil edilib.