CƏMİYYƏT


Gəncədə “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq forum işə başlayıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Gəncədə “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq gənclər forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşəbbüsü, Prezident yanında Gənclər Fondunun maliyyə yardımı, Gənclər və İdman Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunub.

Beş gün davam edəcək forumda dövlət və hökumət rəsmiləri, Rumıniyanın və Gürcüstanın Azərbaycandakı səfirləri, Avropanın 13 ölkəsindən fəal gənclər, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı”nın könüllüləri və QHT rəhbərləri iştirak edirlər.

ADTGT-nin sədri Asif Əsgərli tədbirin açılışında çıxış edərək forumun təşkilinə dəstək verdiyinə görə aidiyyəti qurumlara minnətdarlığını bildirib. Vurğulayıb ki, forumun işində 26 əcnəbi gənc lider iştirak edir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev forum iştirakçılarını Nizami yurdunda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi haqqında iştirakçılara ətraflı məlumat verən E.Rzayev vurğulayıb ki, layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycanın gənclər sahəsində qazandığı uğurların, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələrin, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübənin son illər respublikamızın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinə imkan verdiyini bildirib. V.Quliyev “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq gənclər forumunun iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli və yaddaqalan olacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçılara rəhbərlik etdiyi qurum haqqında məlumat verib. Fondun dəstəklədiyi layihələrdən danışan F.Hacıyev diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda istedadlı gənclərimiz yetişir, ölkəmizin inkişafında və təbliğində fəal rol oynayırlar.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb. Rumıniyanın Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlət olduğunu deyən diplomat Gəncədə baş verən dəyişikliklərin göz oxşadığını bildirib. Qonaq deyib ki, bütün bunlar ölkədə baş verən sürətli inkişafın nəticəsində əldə olunub.

Sonra əcnəbi iştirakçılar çıxış edərək forum haqqında fikirlərini bölüşüblər.

Açılış mərasimindən sonra qonaqlar şəhərin tarixi-mədəni abidələri, görməli yerləri ilə tanış olublar.

Forum işini iyulun 9-dək davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.