REGİONLAR
Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib
Gəncə, 27 may, Rauf Hacıyev, AZƏRTAC
Gürcüstanın Gəncədəki Baş Konsulluğu ölkəsinin Müstəqillik Gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, Milli Məclisin deputatları, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze çıxış edərək, ölkəsinin müstəqilliyinin tarixindən danışıb. Baş konsul bildirib ki, Gürcüstan müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığı xüsusi rola malikdir. Eyni zamanda, Mamuka Balavadze 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Elmar Vəliyev bildirib ki, xalqlarımızın qədim dostluq münasibətləri mövcuddur. Ölkələrimiz müstəqilliyə qovuşduqdan sonra bu əlaqələr daha da möhkəmlənib. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf edib. Elmar Vəliyev regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin xalqlarımızın rifahına müsbət təsirini də vurğulayıb.
Sonda qonaqlara Gürcüstan milli mətbəxinin təamları təqdim edilib. Həmçinin Gürcüstan mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirilən videoçarx nümayiş olunub.