REGİONLAR
Gəncədə “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi ilə tədbir keçirilib
Gəncə, 27 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Oktyabrın 27-də Gəncə şəhərində Azərbaycanın Milli qəhrəmanları polkovnik Rafael Əsədov və çavuş İqor Makayevin doğum günü ilə əlaqədar “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, şəhərdə fəaliyyət göstərən idarə, təşkilat, müəssisələrin təmsilçiləri, ali və orta ixtisas məktəblərinin tələbələri, gənclər, “N” saylı hərbi hissənin əsgərləri, həmçinin şəhər ictimaiyyəti iştirak edib.
Əvvəlcə Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan teatrlaşdırılmış rekviyem-tamaşa təqdim olunub.
Aparıcılar xalqımızın hərb tarixindən söhbət açıb, hərbi marşlar, vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olunub, şəhid milli qəhrəmanların həyat və döyüş yolu canlandırılıb.
Tədbirdə Azərbaycanın Milli qəhrəmanları polkovnik Rafael Əsədov və çavuş İqor Makayevin keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində anadan olan Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədov SSRİ Silahlı Qüvvələrinin məhdud kontingentinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edərək, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlib. 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü pozulan zaman gənc zabit Vətənə qayıdıb və Milli Ordunun sıralarına daxil olub. Artilleriyanın təkmilləşdirilməsində, müasir zenit raket batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəməyən polkovnik Rafael Əsədov Artilleriya Korpusunun komandiri təyin edilib. O, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların fəal təşkilatçısı və iştirakçısı olub. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnib. Cəsur komandir 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən yaralanaraq dünyasını dəyişib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 1994-cü ildə polkovnik Rafael Əsədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Sonra Azərbaycanın Milli Qəhrəmanı İqor Makayev haqqında film izlənilib. Filmdə Gəncədə doğulan İqor Makayevin Naxçıvanik kəndi, Ağdam, Tərtər və Ağdərə rayonları uğrunda gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıq haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusu üçün strateji əhəmiyyətli “Vışka” yüksəkliyinin alınması İqor Makayev üçün son döyüş olub. O, ermənilərin ağır texnika ilə hücuma keçdiyi döyüşdə 28 nəfər döyüşçü yoldaşını mühasirədən xilas edib. Özü isə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İqor Makayevə 1992-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Tədbirin sonunda Milli Qəhrəman Rafael Əsədovun Kiyevdə yaşayan ailə üzvləri ilə telefon bağlantısı yaradılıb. Qəhrəmanın həyat yoldaşı Valentina Qriqoriyevna şəhidlərin adlarını əziz tutduqlarına, xatirələrini hörmət və ehtiramla yad etdiklərinə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.