REGİONLAR
Gəncədə III Beynəlxalq şərab festivalı başa çatdı
AZƏRTAC xəbər verir ki, Mərkəzlə tanışlıqdan sonra Fransanın Yuxarı Alzas Müluz Universiteti ilə Azərbaycan Dövlət Aqrar və Texnologiya universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Fransanın Burqundiya regionunun Yon vilayəti Ali Şurasının prezidenti Andre Vilye, Azərbaycan Texnologiya Universitetinin dosenti Tahir Abbasov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək Fransa ali təhsil müəssisəsi ilə bağlanan müqavilənin əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, iki ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsində belə müqavilələrin əhəmiyyəti böyükdür.
Üçüncü Beynəlxalq şərab festivalı çərçivəsində tədbirlər Cavad xan küçəsində davam etdirildi. Fransa, Almaniya, İtaliya, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş qonaqları burada milli geyimli qızlar şərbətlə qarşıladılar. Şəhərin uşaq tərbiyə müəssisələrinin kollektivləri, incəsənət ustaları öz məharətlərini nümayiş etdirdilər. “Cücələrim” uşaq rəqs ansamblı, nağaraçalanlar, “Göygöl” Dövlət mahnı və rəqs ansamblının üzvləri, Gəncə Dövlət Dram Teatrının aktyorları maraqlı çıxışları ilə qonaqları heyran etdilər. Şəhərin ali və orta ixtisas məktəblərinin kollektivləri milli mənəvi dəyərlərimizi özündə əks etdirən kompozisiyalar göstərdilər.
Festival çərçivəsində ən yaxşı şərab nümunələrinin qiymətləndirilməsi də maraqla qarşılandı.
Bu münasibətlə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Fransanın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Departamentinin professoru, Nizamişünas alim Maykl Barri və başqaları çıxış edərək Gəncədə keçirilən III Beynəlxalq şərab festivalının əhəmiyyətindən danışdılar.
Sonra keçirilən dequstasiyanın nəticələri elan edildi və müxtəlif şirkətlərin müsabiqəyə təqdim etdikləri şərab nümunələrinin adları açıqlandı.
Qaliblərə medallar təqdim olundu.
Festival iştirakçıları respublikamızın və xarici ölkələrin şərab istehsalçılarının təşkil etdikləri pavilyonlarda təqdim olunan şərab növlərinin, eləcə də milli xörəklərin dadına baxdılar.
Bununla da Gəncədə keçirilən daha bir beynəlxalq tədbir xoş ovqatla başa çatdı.