REGİONLAR


Gəncədə İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

Gəncə, 28 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə BMT-nin Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə təşkil olunub.

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov, USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rəndol Olson, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib. İnsan həyatının xilas olunmasının önəmindən danışan Serhan Aktoprak bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov insan alveri və qanunsuz miqrasiya haqqında danışıb. Xaqani Əbdüləzimov bu istiqamətdə əməkdaşlıq etməyin vacibliyini vurğulayıb, habelə Gəncədə həmin sahədə görülən işləri qeyd edib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlərin ilbəil azaldığını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rəndol Olson əməkdaşlığın əhəmiyyətindən danışaraq, yalnız bu yolla insan alverinin qarşısını almağın mümkün ola biləcəyini deyib.

Plenar iclas şəklində davam edən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında birgə bəyannamə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.