REGİONLAR


Gəncədə MDB ölkələrinin rektorlar şurasının iclası keçirilib VİDEO

Gəncə, 20 aprel, Rauf Hacıyev, AZƏRTAC

“MDB ölkələrinin aqrar-sənaye kompleksi üçün bitki mühafizəsi və kadr hazırlığı” problemi üzrə aparıcı ali təhsil müəssisələri rektorlar şurasının Gəncədə ikinci iclası olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən şuranın iclasında iştirak etmək üçün MDB-nin 7 ölkəsindən nümayəndələr - ali məktəb rektorları, prorektorlar, professorlar Gəncəyə gəlib. İclasa, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, elmi-tədqiqat institutlarının nümayəndələri, fermerlər və alimlər də qatılıb.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

İclası Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, rektorlar şurasının icraçı sədri, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva iclas iştirakçılarını salamlayıb, son illərdə şəhərdə görülən işlər barədə qonaqlara məlumat verib.

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov şura iclasında mühüm mövzuların müzakirə olunacağını və mütəxəssis hazırlığı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılacağını bildirib.

Rektorlar şurasının icraçı sədri İbrahim Cəfərov şuranın tərkibində dəyişikliklər haqqında məlumatı iştirakçıların nəzərinə çatdırıb.

Sonra Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Belarus dövlətlərinin aqrar mütəxəssis hazırlığı ilə məşğul olan nüfuzlu universitet və akademiyalarının rəhbərlərinin çıxışları dinlənilib. Həmçinin Rusiya Dövlət Aqrar Universiteti bitki mühafizəsi laboratoriyasının müdiri, professor Fevzi Cəlilov, MDB İqtisadi Əməkdaşlıq Departamentinin direktor müavini Ələddin Quluzadə, Ümumrusiya Karantin Mərkəzinin direktor müavini Yevgeni Mazurin, Kabardin-Balkar Aqrar Universitetinin prezidenti Muhamməd Şahmurzov bitki mühafizəsi sahəsində mütəxəssis hazırlığı ilə əlaqədar məruzələr ediblər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin “Azərbaycan Respublikasında fitosanitar problemlərin həllində yeni yanaşmalar”, “HH Group” şirkətlər qrupunun prezidenti Hüseyn Hüseynovun “Fermer təsərrüfatlarında bitki mühafizəsinin mövcud vəziyyəti” mövzularında məruzələri dinlənilib.

Sonda məruzə və təkliflər nəzərə alınaraq əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında elm və təhsilin rolunun artırılması istiqamətində tövsiyələr hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.