REGİONLAR
Gəncədə “Region gənclərinin inkişafı forumu” işə başlayıb VİDEO
“Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək məqsədi daşıyan forumda 15 regiondan 100-ə yaxın gənc iştirak edir
Gəncə, 24 iyun, Rauf Hacıyev, AZƏRTAC
İyunun 24-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin (İB) təşəbbüsü ilə " Region gənclərinin inkişafı forumu" işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının gənclər sahəsində çalışan əməkdaşları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra tədbir iştirakçıları mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən muzeyə baxıblar.
Forum Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra işə başlayıb.
Forumda “İrəli” İctimai Birliyi haqqında məlumat verilib. Qeyd olunub ki, gənclər təşkilatlarını öz ətrafında birləşdirən qurum bir çox beynəlxalq təşkilatlar və dövlət orqanları ilə sıx əməkdaşlıq edir, Bakıda və bölgələrdə maarifləndirici layihələr reallaşdırır.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, son illər Azərbaycan region, qitə və dünya miqyaslı forumlara, konfranslara, zirvə toplantılarına, idman yarışlarına və gənclərlə bağlı müxtəlif tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə qitədəki gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa Gənclər Paytaxtı” elan edilib. Beləliklə, Gəncə 2016-cı ildə Avropa gənclərinin diqqət mərkəzindədir. Bu isə şəhərin simasında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas multikulturalizm ənənələrinin təbliğ edilməsinə, ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradıb. Bu səbəbdən də “Region gənclərinin inkişafı forumu” Gəncə şəhərində keçirilir. Forumun məqsədi “Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən gənclər evləri və gənclər mərkəzləri yerləşən regionlarda gənclərin fərdi inkişafına təkan vermək üçün birgə fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Elnur Rzayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bölgələrdə uğurlu icrasından danışıb, Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində həyata keçirilən layihələr və tədbirlər haqqında ətraflı məlumat verib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, bu cür tədbirlərin regionlarda keçirilməsini bölgələrin inkişafında və gənclərin ictimai fəallığının artırılmasında mütərəqqi hal kimi qiymətləndirib. Vurğulanıb ki, tədbirin Ulu Öndərin adını daşıyan mərkəzdə keçirilməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə gənclər siyasətinin əsasının qoyulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi öndərin gənclərə olan diqqət və qayğısı nəticəsində ölkədə Gənclər və İdman Nazirliyi yaradılıb, gənclər hərəkatına dəstək verilib, dövlət proqramları icra olunmağa başlayıb.
Bildirilib ki, dövlət və gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə təhsil alır, respublikamızı çoxsaylı regional, beynəlxalq tədbirlərdə layiqincə təmsil edir, respublikanın hərtərəfli inkişafına öz töhfəsini verir.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qurumun reallaşdırdığı layihələr haqqında məlumat verib. O, gəncləri fəal olmağa, yeni layihələr üzərində işləyərək Gənclər Fondunun imkanlarından yararlanmağa dəvət edib.
Sonra panel iclasları olub.
Azərbaycanın 15 regionundan 100-ə yaxın gəncin iştirakı ilə keçirilən forum iyunun 26-dək davam edəcək.