REGİONLAR


Gəncədə SPECA-nın 2016-ci il üzrə İqtisadi Forumu keçirilir VİDEO

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Gəncə şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” mövzusunda 2016-cı il üzrə İqtisadi Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edir.

Forum iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə fəal əməkdaşlıq etdiyini, BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu bildirib. Qeyd edilib ki, 2002-ci ildən BMT-nin SPECA proqramına üzv seçilən Azərbaycan digər iştirakçı ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, proqrama üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrini daha da genişləndirib. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin, rəqabətədavamlı və ixracyönümlü qeyri-neft iqtisadiyyatının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji tarazlığın təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən sistemli və kompleks tədbirləri forum iştirakçılarının diqqətinə çatdırıb.

Sahil Babayev İqtisadi Forum çərçivəsində təşkil edilən sessiyalarda müzakirəsi nəzərdə tutulan məsələlər barədə məlumat verib, forumun işinə uğurlar arzulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində digər bölgələr kimi, Gəncənin də sürətlə inkişaf etdiyini, mühüm sosial və infrastruktur layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin davamlı inkişaf üzrə müavini Kaveh Zahidi BMT-nin dünyada davamlı inkişaf məqsədlərinə nail olmaq üçün üzv dövlətlərlə fəal əməkdaşlıq etdiyini, Azərbaycanın BMT-nin fəal üzvlərindən olduğunu vurğulayıb. Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar və əməkdaşlıq istiqamətlərindən danışan icraçı katib Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, BMT-nin təşəbbüslərinin Azərbaycanda həyata keçirilən müxtəlif proqramlarda öz əksini tapmasının əhəmiyyətini qeyd edib, qurumun yerli nümayəndəliyi ilə işgüzar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

BMT-nin Avropa regionu üzrə İqtisadi Komissiyasının icraçı katibi Kristian Fris Baxa tədbirin Gəncə şəhərində təşkilinə görə minnətdarlığını bildirib, iki gün davam edəcək İqtisadi Forumun tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Sonra İqtisadi Forum sessiyalarla işinə davam edib.

"Dayanıqlı inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi üçün milli səviyyədə görülməli olan işlər, strategiyalar" mövzusunda təşkil edilmiş sessiyada çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, ölkəmizdə iqtisadi, sosial, ekoloji sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə 2012-ci ildən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Konsepsiyanın əhatə etdiyi əsas sahələr vətəndaş cəmiyyətinin ölkənin siyasi və iqtisadi məsələlərində rolunun artırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı, İKT-nin inkişafı ilə informasiya cəmiyyətinə keçidin təmin olunması və s. istiqamətlərindən ibarətdir.

Nazir müavini sessiya iştirakçılarının suallarını cavablandırıb.

Sessiyada digər iştirakçı ölkələrinin də hesabatları dinlənilib.

Bundan başqa, İqtisadi Forum çərçivəsində “Transsərhəd əlaqələndirmə və bu sahədə islahatlar yolu ilə iqtisadi artımın tarazlaşdırılması məsələləri”, “Statistik qiymətləndirmə və potensialın gücləndirilməsinin statistik zərurətləri” və “Ətraf mühitin davamlılığı və resursların istifadəsinin səmərəliliyi” mövzusunda sessiyalar təşkil edilib, proqrama üzv ölkələrin nümayəndələri və SPECA ekspertləri məruzələrlə çıxış ediblər.

Forum noyabrın 23-də “Bərabərlik, inklüzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması” və “SPECA-nın qiymətləndirilməsi” sessiyaları ilə işini davam etdirəcək. Sabah, həmçinin BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbərlər Şurasının 11-ci iclası keçiriləcək. Şuranın təşkilati məsələlərinə baxılacaq, növbəti il üçün sədr ölkə və Şuranın XII iclasına dair qərar qəbul olunacaq. Sonda “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” adlı Gəncə Bəyannaməsi qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.