REGİONLAR
Gəncədə “Sağlam 5 gün”
Gəncə, 27 may, AZƏRTAC
Respublikamızda fəaliyyət göstərən bir sıra ictimai birliklərin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gəncədə “Sağlam 5 gün” adlı layihə həyata keçirilib.
Bu barədə AZƏRTAC-a “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova məlumat verib. Onun sözlərinə görə, 5 gün müddətində şəhərin ali və orta ixtisas müəssisələrində, kollec və orta məktəblərində sağlamlığın qorunmasına dair maarifləndirici tədbirlər təşkil edilib. Tədbirlərdə gənclərin iştirakı ilə “Zərərli vərdişlər və narkomaniya”, “Sağlam həyat tərzi və fiziki sağlamlıq”, “Erkən nikahlar və reproduktiv sağlamlıq”, “Qan donorluğu” və sair mövzularda müzakirələr aparılıb.