REGİONLAR
Gəncədə “Sağlam gələcək” kampaniyasına başlanılıb
Gəncə, 25 may, Rauf Hacıyev, AZƏRTAC
"Gəncə - 2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə Gəncə şəhərində “Sağlam gələcək “ kampaniyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində Gəncə Dövlət Universiteti, Aqrar Universitet və Tibb Kollecində gənclərə sağlamlıq, erkən nikah və məişət zorakılığının profilaktikasına dair maarifləndirmə seminarları keçirilib.
Seminarlarda erkən nikah və məişət zorakılığının mənfi təsirlərini, narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarxlar izlənilib, gənclərə mövzu üzrə hazırlanmış maarifləndirmə materialları paylanıldıqdan sonra fikir mübadiləsi aparılıb.
Tədbirin təşkilatçısı Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin baş katibi Murad Məmmədli kampaniyanın əhəmiyyəti, ölkəmizdə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verib. Bildirib ki, gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər. Bu cür tədbirlər yaxın günlərdə bütün qərb regionunda keçiriləcək.