CƏMİYYƏT


Gəncədə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, noyabrın 11-də Gəncə Şəhər İcra Hakimiyyəti, Kəpəz, Nizami, Samux və Kəlbəcər Rayon İcra hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elnur Rzayev, Samux və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları Alı Qocayev və Aqil Məmmədov, Kəpəz və Nizami Rayon İcra hakimiyyətlərinin məsul əməkdaşları, Dövlət Xidmətinin rayon şöbələrinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elnur Rzayev çıxış edərək Azərbaycan gəncliyinin daim vətənpərvərliyi ilə fərqləndiyini bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov bildirib ki, aprel döyüşləri Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı azad etmək gücünə qadir olduğunu bir daha göstərdi.

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin böyük əhəmiyyət daşıdığını və bu sahədə həyata keçirilən işlərin müsbət nəticələr verdiyini vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi xidmətə hazırlanması istiqamətində uğurlu fəaliyyət göstərdiyini qeyd edib.

Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və qeyd olunan rayonların məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.