REGİONLAR


Gəncədə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin icrası başa çatıb

A+ A

Gəncə, 30 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

“Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsi çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində gənclərlə növbəti görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Sənan Hacıyev və idarənin məsul əməkdaşı Bəxtiyar Muradov layihənin məqsədindən və əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, gənclərimiz bu qədim sənət növünə dərindən yiyələnməli və onun təbliğində fəal iştirak etməlidirlər.

Sonra Azərbaycan Xalça Muzeyinin əməkdaşı, layihənin əlaqələndiricisi Fuad Rəsul gənclərə layihə haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində xalqımızın milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Qanuna əsasən həyata keçirilir. Layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı xalçaçılığın tarixinin öyrənilməsi, xalça sənətinin dirçəlişi və gənc nəsillər arasında təbliği məqsədilə tədris planı təşkil etməkdir.

Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentlər haqqında geniş məruzə ilə çıxış edib. Gənclərə xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verilib.

Layihənin sonunda iştirakçı gənclərin Azərbaycan Xalça Muzeyinə tanışlıq səfərinin təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.