REGİONLAR
Gəncədə “Xəmsə” Milli İntellektual Oyunun final mərhələsinə yekun vurulub
Gəncə, 29 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı layihəsinin qalibi olub. Mayın əvvəlində layihənin möhtəşəm açılış mərasimi keçiriləcək. Şəhərdə il ərzində istər yerli, istərsə də beynəlxalq səviyyəli bir sıra tədbirlər təşkil olunacaq. “Xəmsə” dedikdə isə ilk olaraq dahi şair Nizami Gəncəvi və onun poemaları yada düşür. Məhz bu amili nəzərə alan Gənclər və İdman Nazirliyi Xəmsə Milli İntellektual Oyunu üzrə VIII Azərbaycan çempionatının final mərhələsinin Gəncə şəhərində keçirilməsinə qərar verib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanın ilk milli intellektual oyunu olan Xəmsə 2007-ci ildən etibarən keçirilməyə başlayıb. Sonuncu çempionatda ölkə üzrə 800 komanda olmaqla 4 min iştirakçı yarışlara qoşulub. Hazırda isə final yarışında 23 bölgədən hər birində 5 iştirakçı olmaqla 32 komanda bütün mərhələləri keçərək finala vəsiqə qazanıb.
Yarış sağlam rəqabət şəraitində keçib, verilən suallar tarix, coğrafiya, mədəniyyət, məntiq və ümumi dünyagörüşünü əhatə edib.
Çempionatın qalibi münsiflər heyəti tərəfindən elan olunacaq.