REGİONLAR
Gəncədə bölgə sahibkarları “Azexport.az” portalının fəaliyyəti ilə bağlı maarifləndiriliblər VİDEO
Gəncə, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Sahibkarlıq və ixrac imkanlarını genişləndirmək üçün iş adamlarına dəstək olan “Azexport.az” portalı fevralın 25-də bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün maarifləndirici görüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, Gəncədə təşkil olunan görüşdə Gəncə və Naftalan şəhərlərini, eləcə də Qazax, Tovuz, Ağstafa, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy və Goranboy rayonlarını təmsil edən icra hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan “Azexport.az” portalı barədə geniş məlumat verməkdir.
Tədbirdə çıxış edən “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov qeyd edib ki, bu portal Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yaradılıb.
Son illər qeyri-neft potensialının cəmləşdiyi regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun kompleks tədbirlərin görüldüyünü deyən portalın rəhbəri bildirib ki, bir neçə ay bundan əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan portal bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm işlər görür.
Zaur Qardaşov iştirakçılara portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib. Həmçinin “Azexport.az”a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirilmə imkanları barədə geniş məlumat verilib.
Sonra sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edilib, suallar cavablandırılıb.
Tədbirdə çıxış edən sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə ediblər.