CƏMİYYƏT
Gəncədə çayxanada törədilən partlayışla əlaqədar bir nəfər saxlanılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də saat 03 radələrində Gəncə şəhərindəki E.Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov və onun oğulları Nəriman və Sərxan, habelə qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyev ilə həmyerliləri Ramiz Quliyev və dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, münaqişə zamanı M.Əhmədov özü ilə gətirdiyi “F-1” tipli əl qumbarasından istifadə edərək partlayış törədib. Nəticədə özü və T.Əhmədov hadisə yerində ölüb, Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Yalçın Quliyev saxlanılıb. Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.