REGİONLAR
Gəncədə çoxmübarizəli idman döyüş növləri üzrə Respublika çempionatı keçirilib
Gəncə, 25 iyul, AZƏRTAC
Gəncədə Çoxmübarizəli İdman Döyüş Növləri (ÇİDN) üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Respublika çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi, ÇİDN Federasiyasının Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda ölkə üzrə 15 bölgədən 150 idmançı iştirak edib.
ÇİDN Federasiyasının Gəncə Regional Bölməsinin sədri Beyrək Bağırov bildirib ki, Gəncə şəhərində ilk dəfə bu idman növü üzrə Respublika çempionatı keçirilir. Çempionatda fərqlənən uşaq və yeniyetmələr Avropa birinciliyinə, gənclər isə Avropa çempionatına vəsiqə qazanacaq.
Otuz dəst medal uğrunda keçirilən yarışda Gəncə şəhərini 27 idmançı təmsil edib və gənclər Komanda Kubokunu qazanıblar.
Sonda qalib idmançılara diplom və medallar təqdim olunub.