REGİONLAR
Gəncədə daha bir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edənlər son 3 ildə Gəncədə 30 məktəbin əsaslı şəkildə təmir edilərək istifadəyə verildiyini diqqətə çatdırıblar. Bildirilib ki, nəticədə tədrisin keyfiyyəti xeyli yüksəlib və məzunlar test imtahanlarında yüksək göstəricilərə nail olublar. Bu uğurlarda 26 nömrəli məktəb-liseyin də xüsusi yeri var. Təkcə bu il məktəbin məzunlarından 2 nəfər 600-dən, 6 nəfər 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb. Bir nəfər isə Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasına qəbul olunub.
Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq 2015-ci ilin sonunadək şəhərdə bütün tədris müəssisələrində əsaslı təmir işləri başa çatdırılacaq. Hazırda 4 nömrəli məktəb üçün inşa edilən 1000 yerlik, 39 nömrəli məktəb üçün isə 1200 yerlik tədris korpuslarında tamamlanma işləri görülür.
Rəmzi lent kəsildikdən sonra iştirakçılar sinif otaqlarına, fənn kabinetlərinə, laboratoriyalara, kitabxana və qapalı idman zalına baxmışlar.