REGİONLAR


Gəncədə dindarlar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

A+ A

Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Gəncə şəhərində dindarlarla görüşüb. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kamal Abdullayev Şah Abbas Cümə məscidində və Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub.

Sonra İmamzadə dini-memarlıq kompleksində Gəncə və ətraf bölgələrdən olan dindarlar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Tahir Abbasov tədbir iştirakçılarını salamlayaraq, görüşün əhəmiyyətindən danışıb.

Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinin keşişi Deniz Sotnikov Azərbaycandakı multikultural dəyərlərin nümunə olduğunu qeyd edib.

Gəncə ağsaqqalı Firdovsi Kərimov bu qədim şəhərdə yerləşən ziyarətgah və dini məkanlar haqqında ətraflı məlumat verib.

Sonra çıxış edən Kamal Abdullayev bir sıra vacib məsələlərə toxunub. Bildirilib ki, Azərbaycanda multikultural ənənələr dərin köklərə malikdir. Gəncə İmamzadə ziyarətgahında keçirilən görüşdə şəhər və ətraf rayonlardan fərqli dini icmaların təmsilçilərinin iştirak etmələri də həmin ənənə və dəyərlərin bu gün də yaşadığını bir daha sübut edir.

Tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi vurğulanıb. Ölkədə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.

Bir sıra ölkələrdə radikal dini təmayüllü qrupların təhlükəli fəaliyyətindən danışan Kamal Abdullayev dini müəssisələrdə, məscidlərdə kitabxanaların olmasını, din xadimlərinin isə mütəmadi mütaliə etmələrinin vacibliyini qeyd edib.

Görüşdə bir sıra suallara aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.