REGİONLAR
Gəncədə əlil gənclər biznes-ideyanın yaradılması üzrə məlumatlandırılıb
Bakı, 30 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil gənclər üçün “Biznes-ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçıların diqqətinə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və sair barədə ətraflı məlumatlar çatdırılıb.
Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.