REGİONLAR
Gəncədə əlillər üçün yeni layihənin icrasına başlanılıb
Gəncə, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Avropa İttifaqının maliyyə yardımı və şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda təlim keçirilib. Layihənin məqsədi Azərbaycanda vətəndaş cəmiyyəti, media, hökumət və özəl sektorun səyi ilə fiziki imkanları məhdud insanların yaşayış şəraitini yaxşılaşdırmaq və onların hüquqlarının qorunmasını gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, təlim İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən icra edilib.
Növbəti təlimlər Gəncə şəhəri ilə yanaşı, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarında da təşkil olunacaq. Təlimlərdə əlil şəxslər, onların ailə üzvləri, həmçinin müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri bu təbəqədən olan insanların hüquqları barədə məlumatlandırılacaqlar.
Qeyd edək ki, layihə çərçivəsində “Çağrı mərkəzi” yaradılacaq və fiziki imkanları məhdud insanlara hüquqi yardım göstərilməsi, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlərin verilməsi təşkil olunacaq.