REGİONLAR
Gəncədə əsaslı şəkildə təmir edilən uşaq bağçasının açılışı olub
Gəncə, 30 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Yaponiyanın qrant yardımı çərçivəsində əsaslı şəkildə təmir edilən 25 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, 25 nömrəli uşaq bağçasının təmiri layihəsi Yaponiyanın qrant yardımı hesabına həyata keçirilib. İki mərtəbəli 2 korpusdan ibarət olan tərbiyə müəssisəsi 240 yerlikdir və bağçada 50 nəfər işçi çalışır. Bina əsaslı şəkildə yenidən qurularaq müasir istilik sistemi ilə təchiz edilib. Korpusların hər biri qrup, yataq, soyunub-geyinmə otağı, oyun zalı və digər yardımçı otaqlardan ibarətdir.
Bağça ilə tanışlıqdan sonra uşaqların ifasında Azərbaycan və yapon xalqlarının milli mahnı və rəqslərinə tamaşa olunub.
Qeyd edək ki, layihə üzrə qrant sazişi Yaponiya səfirliyi ilə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi arasında 2016-cı il yanvarın 29-da imzalanıb.