REGİONLAR
Gəncədə general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilib VİDEO
Gəncə, 27 oktyabr, Sabir Əliyev, AZƏRTAC
Döyüş meydanlarında yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazan general Səməd bəy Mehmandarovun 160 illik yubileyi Gəncədə təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, Prezident İlham Əliyevin görkəmli sərkərdənin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışılıb.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin obrazları canlandırılıb, onların həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev çıxışında Azərbaycandakı sosial-iqtisadi inkişafdan, ordu quruculuğundakı nailiyyətlərdən danışıb.
Təmas xəttində erməni hücumlarının qarşısının alınmasında əsl şücaət göstərən əsgər İlkin Muradov iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
General Səməd bəy Mehmandarovun rus ordusunda göstərdiyi xidmətlər zamanı aldığı ali mükafatlardan danışan Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani diqqətə çatdırıb ki, görkəmli sərkərdənin ən böyük xidməti Azərbaycan Xalq Cümhuriyyəti yarananda hərbi nazir kimi fəaliyyəti olub. General qısa vaxt ərzində ordu quruculuğu prosesinin milli zəmin üzərində həyata keçirilməsini, hərbi potensialın məharətlə istiqamətləndirilməsini, konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünü və hərbi təhlükəsizliyini layiqincə təşkil edib. Bu gün xalqımız haqlı olaraq belə generallarımızla fəxr edir və onların adlarını yaşadır.
Yubiley tədbirində əsgərlərin nümunəvi çıxışlarından sonra Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.
Tədbirin iştirakçılarına Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən videoçarx da təqdim olunub.
Sonda Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov çıxış edərək vurğulayıb ki, Azərbaycanın hərb tarixində öz yeri və xidmətləri olmuş Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti indiki nəslə örnəkdir. Onun 160 illik yubileyinin belə təntənə ilə qeyd olunması xalqımızın öz milli dəyərlərinə böyük önəm verməsinin bariz nümunəsidir.