REGİONLAR
Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib VİDEO
Gəncə, 27 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Yanvarın 27-də Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda şəhərdə fəaliyyət göstərən tibb müəssisələrinin həkimləri iştirak ediblər.
Konfransda çıxış edən Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov Azərbaycan səhiyyəsinin müasir vəziyyətindən danışıb. O qeyd edib ki, həyatını xalqına xidmət göstərməyə sərf edən və bunu özünün peşəkar elmi fəaliyyəti üçün böyük səadət bilən Əziz Əliyev kimi görkəmli şəxsiyyətlərin mənalı ömür yolunu öyrənmək tibb işçiləri üçün şərəfdir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov görkəmli alim, Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan Əziz Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, xalqımızın adını uca edən şəxslər arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin xüsusi yeri var. Respublika Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Əziz Əliyev nail olduğu təcrübəsini, istedadını ölkənin səhiyyəsinə, yüksəkixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəldib. Əziz Əliyev 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi fəaliyyət göstərib, ömrünün sonuna qədər bu institutun rektoru olub. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirərək nəinki Azərbaycanın, eləcə də bütün sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında yaxından iştirak edib. Yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı maksimum yaxşılaşdırılıb. İnstitutun kadr bazasında yüksəkixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilib.
Konfransda Əziz Əliyevin siyasi xadim kimi fəaliyyəti də xüsusi qeyd edilib. Vurğulanıb ki, Əziz Əliyev həm Azərbaycanda, həm də Dağıstanda və Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilib.
Sonra konfransda çıxış edənlər böyük alimin dolğun və mənalı həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışıblar.
Konfrans işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlarla davam etdirib.