REGİONLAR
Gəncədə güclü küləyin fəsadları aradan qaldırılır VİDEO
Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə güclü küləyin fəsadları aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, mayın 9-da güclü külək yaşayış binalarına ziyan vurub, şəhər təsərrüfatında fəsadlar törədib.
Təbiət hadisəsi nəticəsində şəhərin Üzeyir Hacıbəyli prospektində avtobus dayanacağı yerindən qoparaq avtomobil yolunun üzərinə düşüb. Nəticədə ikitərəfli yolun bir hissəsində avtomobillərin hərəkəti çətinləşib. Həmçinin güclü külək şəhərin Atatürk prospektində yerləşən beşmərtəbəli binanın və Dədə Qorqud küçəsində 2 binanın dam örtüklərini uçurub. Külək çoxillik ağacları da aşırıb. Şəhərin Mahrasa bağı adlanan ərazisində qırılan ağac fərdi yaşayış evinin damını yararsız hala salıb. Bundan başqa, Gəncənin 4 müxtəlif yerində yaşı 40-dan çox olan çinar ağacları da aşıb. Ağaclardan biri isə Heydər Əliyev prospektində yolun üzərinə düşüb. Nəticədə yol bağlanıb, avtomobillərin hərəkəti məhdudlaşıb.
Hazırda aidiyyəti qurumlar güclü küləyin törətdiyi dağıntıların aradan qaldırılması üçün çalışırlar. Şəhər Fövqəladə Hallar Komissiyası dəyən ziyanla bağlı araşdırma aparır.