REGİONLAR
Gəncədə icra olunan beynəlxalq layihələr dünya mediasında geniş işıqlandırılıb
Gəncə, 11 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Gəncədə “Avropa Gənclər Paytaxtı” çərçivəsində, eləcə də bir sıra yerli və beynəlxalq layihələr əsasında həyata keçirilən mötəbər tədbirlər yerli KİV-lərlə yanaşı, dünyanın "CNN", "BBC", "Əl-Cəzirə", "Euronews", "TRT World" və digər nüfuzlu media orqanları tərəfindən də geniş işıqlandırılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən il 7 televiziya kanalının bölgə bürosunun, 1 yerli telekanalın, respublika və regionun 22 qəzetinin, informasiya agentliklərinin rəsmi akkreditasiyadan keçməsi jurnalistlərin Gəncə şəhərinin sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr haqqında operativ məlumat əldə etməsinə imkan yaradıb.
Şəhərdə mətbuat nümayəndələrinə hərtərəfli şərait yaradılıb. Belə ki, Gəncə çayının sağ sahilində yeni layihə əsasında inşa edilən Mətbuat evi 2016-cı ildən fəaliyyətə başlayıb. KİV nümayəndələrinin məlumatları operativ ötürüb-qəbul etməsi üçün nəzərdə tutulan bina informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub, sürətli internet şəbəkəsi yaradılıb. Həmçinin Mətbuat evində iş və istirahət otaqları, konfrans zalı da fəaliyyət göstərir.