REGİONLAR
Gəncədə iri və xırda buynuzlu heyvanlar peyvənd edilib
Gəncə, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər baytarliq idarəsinin həkimləri iri və xırda buynuzlu heyvanları çiçək xəstəliyinə qarşı peyvənd ediblər.
AZƏRTAC xəbər verir ki, Gəncə baytarları növbəti profilaktik tədbirlərini Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təlimatına uyğun həyata keçiriblər.
Gəncə şəhər baytarliq idarəsinin rəisi Bayandur Rzayev bildirib ki, hazırda üzərində “satıla bilməz” sözləri yazılan vaksinlərin tətbiqi aparılır. Bu işdə şəffaflığın qorunması prinsipi əsas götürülüb. İri buynuzlu mal-qara arasında dabaq və nodulyar dermatit əleyhinə tədbirlər görən baytarlar epizootik vəziyyətin sabit olması üçün dövlət tərəfindən verilən dərman preparatlarından istifadə edirlər.
Şəhər ərazisində epizootik durumun sabit olduğunu deyən İdarə rəisi qeyd edib ki, bütün fərdi təsərrüfatlara baxış keçirilib və həkimlər tərəfindən müayinə -müalicə işləri aparılıb. Bundan başqa, baytarlar profilaktik tədbirlərlə yanaşı, dezinfeksiya işlərini də həyata keçiriblər.
Şəhər ərazisindəki fermer təsərrüfatlarında 1500 baş iri buynuzlu və 2500 baş xırda buynuzlu bəslənilir.