REGİONLAR


Gəncədə ispan təyyarəçilərinin xatirəsinə yaradılan muzeydən REPORTAJ VİDEO

A+ A

Gəncə, 3 dekabr, Rauf Hacıyev, AZƏRTAC

İspan şahinləri Qafqaz səmalarında

“1938-ci ilin iyun ayı idi. Kursant Xulian De La Rossa ukraynalı təlimatçı Derkaç ilə birgə təlim keçirdi. “UTİ-4” markalı təyyarə onlar tərəfindən yerə endirilməli idi. Elə bu vaxt çox da böyük olmayan hündürlükdə təyyarə alışıb yanmağa başladı. Təlimatçı kursanta dərhal paraşütlə tullanmaq əmri verdi. Kursant əmri eşitsə də, yerindəcə donub qaldı. Saniyələr keçirdi, dayanmaq olmazdı. Nəhayət, təlimatçının təhriki ilə kursant paraşütlə tullandı. Xulian De La Rossa həyatını təlimatçının sayəsində xilas etmiş oldu. Təlimatçı Derkaç isə hadisədən sağ çıxmadı”. Gəncə səmasında baş verən faciəli hadisə barədə qeyd o vaxt 19 yaşı olan kursant Fernando Eskamilyanın xatirə dəftərindəndir. O bu hadisənin şahidlərindən biri idi.

AZƏRTAC xəbər verir ki, 1936-1939-cu illərdə Gəncə şəhəri 20 nömrəli hərbi aviasiya məktəbində təhsil alıb, vətəndaş müharibəsində iştirak edən və Böyük Vətən müharibəsi illərində sovet ordu sıralarında faşizmə qarşı döyüşən ispan əsilli təyyarəçilərin bu cür xatirələri və digər qiymətli eksponatlar 30 saylı məktəbdə yaradılan ispan təyyarəçilərinin xatirə muzeyində saxlanılır.

Təlim uçuşları zamanı həlak olan ispan pilotları və onların təlimatçılarının məzarları üzərində qurulan xatirə kompleksi Gəncə şəhərinin Fəxri xiyabanında bu gün də hər iki xalq arasında əbədi dostluğun yadigarı olaraq qorunur və şəhər sakinləri tərəfindən daim yad edilir.

İspanlar Azərbaycana, Gəncə şəhərinə nə üçün gəlmişdilər?

1936-cı ildə İspaniyada başlayan vətəndaş müharibəsində Almaniya və İtaliya ispan millətçilərini, SSRİ və Meksika isə respublikaçıları dəstəkləyirdi. Sovet hökuməti o vaxt İspaniyadakı tərəfdarlarına xeyli silah-sursat, təyyarə və hərbçi yollayırdı. İspaniya ilə Sovet hökuməti arasında aparılan danışıqlar nəticəsində gənc ispan kursantlarının SSRİ-dəki aviasiya məktəblərində təlim keçməsinə qərar verilir. Gəncədə Ali Hərbi Hava Məktəbinin qərargahı yaradılır və ilk olaraq 193 nəfər gənc ispan kursantı üçün təlimlərə başlanılır.

Məktəbdə ispan təyyarəçiləri üçün tədris proqramının müddəti 6 ay idi. İki il müddətində məktəbin təxminən hər birində 100 pilot olmaqla, ümumilikdə, 5 dəfə məzun buraxılışı olub. Az müddətdə ispan əsilli 413 təyyarəçi İspaniyadakı sovet pilotları əvəz edir. Sonuncu 185 nəfərdən ibarət qrupun təlimləri 1939-cu ildə yekunlaşıb. Lakin İspaniyada general Frankonun rəhbərliyi ilə millətçilərdən ibarət diktatura rejimi qurulduğuna görə pilotlar öz ölkələrinə geri dönə bilməyiblər. Həmin pilotlardan 84 nəfəri Meksikaya gedib, 101-i isə SSRİ-də qalıb. Sonralar onların 44-ü İkinci Dünya müharibəsi zamanı sovet ordu sıralarında xidmətə qəbul olunub, Moskva, Odessa, Stalinqrad və Bakının hava hücumundan müdafiəsində iştirak ediblər. Onlardan 25 nəfəri döyüşlərdə və ya digər səbəblərdən dünyalarını dəyişiblər. 1937-1939-cu illərdə hərbi təlimlərdə dünyasını dəyişən ispan kursantlar və onların təlimçiləri Gəncədə, İkinci Dünya müharibəsində hava hücumundan müdafiə zamanı həlak olan pilotlar isə Bakıda dəfn olunublar.

Gəncədəki ispan təyyarəçilərinin xatirə muzeyi əsaslı təmir olunub, 

eksponatlarla zənginləşdirilib

Sonralar SSRİ-də, o cümlədən Azərbaycanda ispanların xatirəsinə muzeylər yaradılıb. Məhz, belə muzeylərdən biri də Gəncə şəhəri 30 saylı məktəbdə yaradılan xatirə muzeyidir. Xatirə muzeyinə müəllim və şagirdlərin yaxından iştirakı ilə müxtəlif eksponatlar, o cümlədən fotosənədlər, kursantların və təlimatçıların xatirələri, onların təlimlərdə istifadə etdiyi hərbi geyim və təyyarə modelləri, qəzet yazıları, sənədlərin surətləri və kitablar toplanılıb. Muzeydə əsaslı təmir işləri aparılıb, eksponatlar yenilənib və zənginləşdirilib.

Bəli, 80 il bundan əvvəl Gəncədəki təyyarəçilik məktəbi Azərbaycan-İspan dostluğu tarixində yaddaqalan səhifələrdən birini açıb. Bu məktəbin məzunlarından 9-u, həmçinin 10 təlimatçı hərbi təlim uçuşları zamanı həlak olub, Gəncədə dəfn edilib. Digərləri isə İspaniya vətəndaş müharibəsində, eyni zamanda, İkinci Dünya müharibəsində sovet partizanları ilə birlikdə faşizmə qarşı ölüm-dirim mübarizəsinə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.