REGİONLAR
Gəncədə kompleks mülki müdafiə təlimi keçirilib
Gəncə, 1 avqust, AZƏRTAC
Gəncədə Mülki Müdafiə Qoşunlarının mülki müdafiə idarəsi “Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti mərkəzi aparatı nümayəndələrinin, şəhər fövqəladə hallar komissiyası üzvlərinin və şəhərin mülki müdafiə xidmətləri nümayəndələrinin iştirakı ilə keçirilən təlim zamanı şəhərin mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili və adamların təhlükəsiz yerlərə təxliyə olunması kimi məsələlərlə bağlı tapşırıqlar yerinə yetiriblər.
Təlim zamanı iştirakçılarla maarifləndirici söhbətlər də aparılıb.