REGİONLAR
Gəncədə könüllü bələdçilər üçün təlimlərə yekun vurulub
Gəncə, 2 may, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində şəhərə gələcək çoxsaylı əcnəbi qonaqların tarixi məkanlarla tanışlığını təmin etmək məqsədilə könüllülərdən ibarət bələdçilər üçün keçirilən təlimlərə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə keçirilən təlimlərdə şəhərdə fəaliyyət göstərən ali məktəblərin 50-dən çox tələbəsi, həmçinin könüllülər iştirak ediblər. Təlimlər “Gələcəyə körpü” Gənclər İctimai Birliyi mərkəzində AMEA Tarix İnstitutunun doktorant və dissertantlarından ibarət gənc alimlər tərəfindən aparılıb. Həvəskar bələdçilərə Gəncənin turizm marşrutu üzrə şəhərdə yerləşən dini, mədəni abidələr, muzeylər, qalereyalar, digər görməli yerlər haqqında dolğun məlumat verilib.
Təlimlərdə bələdçi könüllülər, həmçinin Gəncədə doğulub boya-başa çatan dahi şəxsiyyətlər - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, eləcə də bir sıra elm və mədəniyyət xadimləri, tarixi qəhrəmanlar barədə ətraflı məlumat ala biliblər.