REGİONLAR
Gəncədə meksikalı rəssamın fərdi yaradıcılıq sərgisi açılıb VİDEO
Gəncə, 2 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə məşhur meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində açılan fərdi yaradıcılıq sərgisində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, rəssam Marqarita Morales və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə meksikalı rəssamın fərdi yaradıcılıq sərgisinin ilk dəfə açıldığını bildirib və sərginin işinə uğurlar arzulayıb.
Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Nizami Gəncəvinin vətənində olmaqdan şərəf duyduğunu vurğulayıb. Xatırladıb ki, Marqarita Moralesin Bakıda bir neçə dəfə fərdi sərgisi təşkil olunsa da, bu, rəssamın paytaxtdan kənarda təşkil olunan ilk sərgisidir. Marqarita Moralesin yaradıcılığı olduqca müxtəlif yönlüdür. Rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Marqarita Moralesin əsərləri Meksika, Berlin, Madrid, Nyu-York və dünyanın bir çox muzey və qalereyalarında nümayiş olunub.
Rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. o, Azərbaycanın ikinci böyük mədəniyyət və elm şəhərində əsərlərinin sərgilənməsindən məmnun olduğunu ifadə edib.
Daha sonra sərgi iştirakçıları Marqarita Moralesin əlvan rəng çalarları və heyranedici enerji ilə zəngin abstrakt mövzuda ərsəyə gətirdiyi əsərlərlə yaxından tanış olublar. Fərdi sərgidə rəssamın “Güllərin dili”, “Yay”, “Bayram”, “Güllərin istiliyinə”, “Eden dənizində qızılgüllər”, “Bəslənən arzu” və digər əsərləri nümayiş olunur.
Qeyd edək ki, sərgi iyunun 7-dək davam edəcək.