REGİONLAR
Gəncədə milli qəhrəmanlarımıza həsr olunmuş “Ölümə qənşər” sənədli filminin təqdimatı keçirilib
Gəncə, 4 avqust, AZƏRTAC
YAP Gəncə şəhər təşkilatının qərargahında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə milli qəhrəmanlarımız - Qazax və Ağstafada doğulub boya-başa çatmış Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında çəkilmiş bədii-sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Milli qəhrəmanların ailə üzvlərinin, eləcə də şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş mərd oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müstəqil respublikamızın düşməndən qorunmasında oğul və qızlarımızın göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Sonra “İZ Production” studiyası tərəfindən çəkilmiş filmin nümayişi olub. Filmdə qəhrəmanların yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının danışdıqları xatirələr maraqla qarşılanıb.