ELM VƏ TƏHSİL


Gəncədə peşə təhsili və təliminin inkişafı ilə bağlı müzakirələr aparılıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə agentliyin əməkdaşları və respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin ölkəmizin müxtəlif regionlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış edərək müəssisələrin mövcud vəziyyəti, tədrisin təşkili, regionlardakı peşə təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması imkanları barədə danışıblar.

“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin rəhbəri Herman Sonneveld Avropa İttifaqı və Azərbaycan arasında peşə təhsili və təlimi sahəsində əməkdaşlıqdan bəhs edib, layihənin komponentlərinin uğurlu icrasına ümid etdiyini bildirib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkənin davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib. Agentliyin direktoru qeyd edib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahəyə ayrılan diqqətin parlaq nümunəsidir.

F.Mustafayev peşə təhsili üzrə müvafiq qanunvericiliyin hazırlanması istiqamətində görülən işlərin bu sahənin inkişafına töhfə verəcəyindən, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə peşə təhsilində idarəetmənin təkmilləşdirilməsi, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası, yeni tədris resurslarının, kurikulumların hazırlanması və tətbiqi, habelə digər məsələlər müzakirə olunub, müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.