REGİONLAR
Gəncədə piyada keçidləri inşa olunur VİDEO
Gəncə, 23 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə iki piyada keçidi tikilir.
AZƏRTAC xəbər verir ki, artıq tikintisinə başlanılan birinci piyada keçidi şəhərin mərkəzi hissəsində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunur.
“Körpü Bina Tikinti” Şirkətinin sahə rəisi Məmmədəli Musayev bildirib ki, layihəyə əsasən yeraltı keçidin üç istiqamətdə çıxışı olacaq. Piyadalar keçiddən keçərək Gəncə Dövlət Universitetinin əsas binasının qarşısına, Şah Abbas məscidi istiqamətinə və yeni inşa olunan ticarət-əyləncə mərkəzinin qarşısına çıxa biləcəklər.
Yeraltı keçidin daxili milli ornamentlərlə bəzədiləcək.
Qeyd edək ki, Gəncənin Heydər Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində inşa olunacaq digər bir keçidin tikintisinə isə yaxın günlərdə başlanılacaq. Keçidin Cavadxan küçəsinə və yeni tikilən filarmoniya binasının qarşısına çıxışları olacaq. Hər iki keçidin 2017-ci ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.