MƏDƏNİYYƏT
Gəncədə regionun ilk kinoteatrı açıldı VİDEO
Bakı, 2 may, Türkan Abdullayeva, AZƏRTAC
Gəncə sakinlərinin uzun müddətdir gözlədiyi yenilik, nəhayət ki, reallaşdı. Gəncə şəhərində regionun ilk kinoteatrı istifadəyə verildi.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın premium kinoteatrı “CinemaPlus” ilk dəfə olaraq ölkənin ikinci ən böyük şəhəri Gəncədə “Xəmsə Park” ticarət mərkəzində yeni inşa etdiyi “CinemaPlus Khamsa” kinoteatrının qapılarını şəhər sakinlərinin və tamaşaçıların üzünə açdı.
Açılış mərasimində çıxış edən “CinemaPlus” kinoteatrının baş direktoru Zaur Darabzadə bildirib ki, “CinemaPlus Khamsa” ən müasir proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar, səs sistemləri və 3D texnologiyaları ilə təchiz olunub. Beş zaldan ibarət olan “CinemaPlus Khamsa” 461 tamaşaçı tutumuna malikdir. Dizayn işlərini dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti görüb. Kinoteatrda beynəlxalq festivalların keçirilməsi, bu məkana məşhur simaların dəvət olunması planlaşdırılır.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilən Gəncədə ən son müasir avadanlıqla təchiz olunmuş kinoteatrın açılış münasibətilə sakinləri təbrik edib.
Digər çıxış edənlər kinoteatrın fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndiriblər.
Rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub. Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir.
Daha sonra seanslara uyğun olaraq filmlər nümayiş etdirilib.
Bildirək ki, insanların asudə vaxtlarını yaxşı keçirmələrinə kömək göstərmək üçün kinoteatrlarda qiymətlər ucuz olacaq.
Qeyd edək ki, kinoteatrın açılışı üçün dəvət olunmuş müxbirlər və bloggerlər açılışdan əvvəl Gəncənin görməli yerlərinə, Nizaminin məqbərəsinə ekskursiya edib, Kəpəz Müstəqil Teleradio Şirkətində olublar.