REGİONLAR


Gəncədə şəhərin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib VİDEO

Gəncə, 17 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən yaradıcılıq gecəsinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra heykəltəraş Şərif Şərifovun əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Gəncə şəhərinin baş rəssamının zəngin yaradıcılığından bəhs edən qısa metrajlı sənədli film nümayiş etdirilib.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev heykəltəraş Şərif Şərifovun Nizami yurdunun küçə və meydanlarını bəzəyən əl işlərindən danışıb. Bildirilib ki, Şərif Şərifov yaratdığı sənət əsərləri ilə xalqın sevgisini qazanıb. O, bu il aprelin 25-də Rusiya Rəssamlıq Akademiyası tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət xadimi Nəriman Nərimanovun Gəncə şəhərində ucaldılan abidələrinə görə qızıl medala layiq görülüb.

Sonra Elmar Vəliyev Şərif Şərifova fəxri fərman təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və başqaları Şərif Şərifovu əldə etdiyi uğura görə təbrik edib, sənətkara daha böyük nailiyyətlər arzulayıblar.

Şərif Şərifov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək qeyd edib ki, əgər ölkəmizdə incəsənətə diqqət və qayğı olmasaydı o, öz sənətini bu qədər inkişaf etdirə bilməzdi. Heykəltəraş vurğulayıb ki, Rusiya Rəssamlıq Akademiyası tərəfindən ona verilən qızıl medal həm də Azərbaycan rəssamlığına və heykəltəraşlığına verilən dəyərdir.

Yaradıcılıq gecəsinin bədii hissəsi Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin və solistlərin ifasında səsləndirilən musiqilərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.