QAN YADDAŞI
Gəncədə soyqırımı qurbanlarının xatirəsi anılıb
Gəncə, 31 mart, AZƏRTAC
Gəncədəki Şəhidlər xiyabanında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrindən danışıb. Qeyd edilib ki, həmin aylarda Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və eləcə də respublikamızın digər bölgələrində 50 minə yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.Təkcə Bakıda 10 minədək azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb.
Anma mərasimində o da diqqətə çatdırılıb ki, ermənilərin törətdikləri həmin qanlı cinayətlər ancaq ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyası hakimiyyətə qayıtdıqdan sonra həqiqi qiymətini aldı. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi təsdiqləndi.
Mərasimdə şəhid anası Vüsalə Veysəlova, Qarabağ müharibəsi əlili İbrahim Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi Tahir Abbasov və başqaları çıxış edərək, baş verən soyqırımının bəşəriyyətə yönəlmiş cinayət olduğunu bildiriblər.
Gəncə Dövlət Dram Teatrı aktyorlarının göstərdikəri ədəbi-bədii kompozisiyadan sonra anma mərasiminin iştirakçıları şəhid məzarlarını ziyarət ediblər.