CƏMİYYƏT
Gəncədə tank əleyhinə minalar aşkarlanıb VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 8-də dörd əkin sahəsinə, 4 partlayış yerinə baxış keçiriblər. Gəncə şəhərinin Kəpəz rayonunda yol ərazisində tank əleyhinə 8 TM-62 mina aşkarlanaraq götürülüb. Gün ərzində 4 min 300 kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əhmədağalı, Tərtər rayonunun Əhmədağalı kəndlərində əkin sahələrində partlayış yerlərinə baxış zamanı isə partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 4 min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyulun 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, iki hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1577 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.