REGİONLAR
Gəncədə təhsil idman məktəbləri arasında keçirilən futbol yarışı başa çatıb
Gəncə, 13 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə təhsil idman məktəbləri arasında keçirilən futbol üzrə respublika yarışının final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final mərhələsində altı zonanı təmsil edən 12 komanda iki qrupda mübarizə aparıb. Yarışda Gəncə komandası ilə yanaşı, Bakı, Sumqayıt, Qax, Ağsu, Bərdə, Ağdam, Tovuz, Astara və Lənkəran təmsilçiləri də iştirak ediblər.
2003-cü il təvəllüdlü futbolçular arasında təşkil olunan yarış bir həftə davam edib. Həlledici görüşdə Gəncə Təhsil İdman Məktəbinin komandası paytaxtın “Vətən” kollektivi ilə qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib. Qalibi müəyyən etmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq (5:4) yerinə yetirən ev sahibləri “Təhsil” kubokuna sahib olublar.
Sonda ilk üç pillədə qərarlaşan komandalar diplom və kubokla təltif edilib.