REGİONLAR


Gəncədə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

A+ A

Gəncə, 8 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilən ənənəvi sentyabr konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil nazirinin müavini Firuddin Qurbanov və təhsil işçiləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda Prezident İlham Əliyevin Azərbaycan təhsilinin, elminin inkişafına diqqət və qayğısından, Gəncə təhsilinin nailiyyətlərindən bəhs edən videoçarx təqdim olunub.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov konfransı açaraq, 2015-2016-cı tədris ilində görülən işlərə dair məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə şəhər Təhsil İdarəsinin tabeliyində 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərib. 2015-2016-cı tədris ilində 37 min 877 şagirdin təlim-tərbiyəsi ilə 3 min 828 müəllim məşğul olub.

Zakir Hüseynov Gəncə şəhərində təhsil infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edərək deyib ki, son illərdə şəhərin 35 məktəbində əsaslı təmir işləri aparılıb, 4 məktəbdə yeni korpus tikilib. Hazırda 4 məktəbdə və sanatoriya tipli internat məktəbinin binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

2015-2016-cı tədris ilinin yekunlarına görə, 11-ci sinif məzunlarından 6 nəfər qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb. Ali məktəbə qəbul olan abituriyentlərdən 197 nəfəri 500-dən, 71 nəfəri isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərib. Ümumilikdə isə 18 nəfər 650-dən yuxarı bal toplayıb.

Konfransda yüksək bal toplayan məzunlar çıxış edərək təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində təhsilə və cəmiyyətimizin inkişafına öz töhfələrini verəcəklərini vurğulayıblar.

Təhsil nazirinin müavini Firuddin Qurbanov çıxışında bildirib ki, nazirlik tərəfindən Gəncə şəhərinə 1, 5 və 9-cu sinif şagirdləri üçün tam sayda, qalan siniflər üçün isə 35-40 faiz olmaqla, 20 adda 166 min 350 nüsxə dərslik, müəllimlər üçün 20 adda 1482 nüsxə vəsait verilib. Bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirən nazir müavini yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri də nəzərə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək, son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. E.Vəliyev şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.

Sonra məktəb direktorları və müəllimlər onları maraqlandıran məsələlərdən söz açıb, müvafiq təkliflərlə çıxış ediblər.

Konfransın sonunda yüksək balla ali məktəblərə daxil olan abituriyentlərə və “Ən yaxşı müəllim”, “Ən yaxşı məktəb” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.