REGİONLAR
Gəncədə tələbələrdən nəcib addım
Gəncə, 10 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Valideyn himayəsindən məhrum olan uşaqlar üçün Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə xeyriyyə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin “Biz və onlar” layihəsi çərçivəsində həyata keçirilən sosial tədbirin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara tələbə-gənclərin diqqətini artırmaq, eyni zamanda, həmin uşaqlara maddi və mənəvi dəstək göstərməkdir.
Xeyriyyə tədbirinə Gəncə Dövlət Universitetinin fakültələri ilə yanaşı, digər universitetlərin tələbələri də qoşulublar.
Gəncə Dövlət Dram Teatrının səhnəsində reallaşan tədbirdə əvvəlcə tələbələrin iştirakı ilə hazırlanan müxtəlif səhnəciklər göstərilib.
Sonra tələbələr tərəfindən mahnılar ifa olunub, şeirlər söylənilib.
Xeyriyyə konsertindən toplanan pul valideyn himayəsindən məhrum olan uşaqların ehtiyaclarının ödənilməsinə xərclənəcək.