REGİONLAR


Gəncədə tur-aksiya iştirakçıları üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil edilib VİDEO

A+ A

Gəncə, 20 noyabr, Rauf Hacıyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə VI maarifləndirici tur-aksiyasına qoşulan şagirdlər üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Gəncə şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışmada Abşeron, Xətai, Səbail, Suraxanı, Salyan, Cəlilabad, Neftçala və Zəngilan rayonlarından 500-ə yaxın məktəbli iştirak edib.

Əvvəlcə şagirdlər hər birində 6 nəfər olmaqla müxtəlif adlar altında komandalara bölünüblər. 59 komandanın mübarizə apardığı turnirdə iştirakçılara müxtəlif sahələrə aid 24 sual təqdim olunub.

Sualların böyük əksəriyyətini doğru cavablandıran Xətai rayonunun “Alfa” komandası birinci yerə sahib olub. Səbail rayonunun “Victory” komandası ikinci, Xətai rayonunun “Yeddi Gözəl” komandası isə üçüncü yeri tutub.

Qaliblərə kubok və diplom, yarış iştirakçılarına sertifikat təqdim olunub.

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları IDEA İctimai Birliyinin nəcib təşəbbüsünə qoşularaq “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində Heydər Əliyev park-kompleksinin ərazisində 500 ağac əkiblər.

Beləliklə, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə VI maarifləndirici tur-aksiyası zəngin təəssüratlarla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.