REGİONLAR
Gəncədə yanğından mühafizə tədbirləri diqqət mərkəzindədir
Gəncə, 10 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Oktyabrın 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günüdür. 2002-ci il oktyabrın 5-də ümummilli lider Heydər Əliyev hər il oktyabrın 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalayıb.
Azərbaycan yanğınsöndürənləri sırasında Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri də öz fəaliyyətləri ilə seçilir. İdarənin Kəpəz və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələri və bölmələri baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün müxtəlif tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayırlar.
Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini, polkovnik Rahib Nadirov AZƏRTAC-a bildirib ki, Gəncədə yanğın təhlükəsizliyi orqanlarının inkişafına göstərilən qayğı, sadəcə, maddi-texniki bazanın təkmilləşdirilməsi ilə məhdudlaşmır. Bu sahədə ixtisaslı və peşəkar kadrların hazırlanması da daim diqqət mərkəzindədir.
Rahib Nadirov deyib ki, Gəncə Dövlət Yanğından Mühafizə İdarəsində hazırda 300 nəfərə yaxın işçi çalışır. İdarənin Kəpəz və Nizami rayon Dövlət Yanğından Mühafizə hissəsi fəaliyyət göstərir. Kəpəz rayonu üzrə hissənin 3 bölməsi var ki, onlardan da biri Hacıkənd qəsəbəsində yerləşir. İdarənin balansında ümumilikdə 24 yanğınsöndürən avtomobil var. Almaniya və Fransa istehsalı olan avtomobillərdən 3-ü xüsusi yanğınsöndürmə, 21-i isə müxtəlif tonnajlı əsas yanğın avtomobilləridir.
Rəis müavini vurğulayıb ki, Gəncə yanğınsöndürənləri bundan sonra da yanğın təhlükəsizliyini etibarlı şəkildə təmin edəcək, nümunəvi xidməti ilə mənzilləri, istehsal müəssisələrini və digər obyektləri yanğından qoruyacaqlar.