REGİONLAR
Gəncədə yeni mənzilin açarları şəhidin azyaşlı oğluna təqdim edilib VİDEO
Gəncə, 18 iyun, Rauf Hacıyev, AZƏRTAC
Aprelin əvvəllərində düşmən təxribatı nəticəsində erməni silahlı birləşmələrinin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan İnqilab Quliyevin ailəsi Gəncədə yeni mənzillə təmin olunub.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimetmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iki otaqlı yeni mənzilin açarlarını şəhidin 3 yaşlı oğlu Əyyam Quliyevə verib.
Daha sonra mənzildəki otaqlara baxış olub. Bildirilib ki, şəhərin Yeni Gəncə yaşayış massivində tikilən çoxmərtəbəli binalardan birində şəhid ailəsi üçün ümumi sahəsi 76 kvadratmetr olan 2 otaqlı mənzil ayrılıb və təmir edilərək bütün avadanlıqlarla təmin olunub. Ölkədə şəhid ailələrinə, müharibədə sağlamlığını itirən döyüşçülərə və digər imtiyazlı şəxslərə dövlətin hərtərəfli diqqət və qayğısından danışan Elmar Vəliyev, həmçinin şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün adına küçənin verildiyini də deyib.
Qəhrəmanın atası Çingiz Quliyev Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.