REGİONLAR
Gəncədə yeni sosial-mədəni, infrastruktur layihələrinin və obyektlərin açılışı olacaq
Gəncə, 26 avqust, Rauf Hacıyev, AZƏRTAC
Bu gün Gəncə şəhəri geniş səma altında nəhəng abadlıq, tikinti-quruculuq meydanını xatırladır.
AZƏRTAC xəbər verir ki, 2016-cı ilin sonuna kimi şəhərdə çoxsaylı təhsil, səhiyyə müəssisələrinin, ticarət, sənaye obyektlərinin, istirahət məkanlarının, mədəni mərkəzlərin, həmçinin yeni prospekt və yolların açılışı nəzərdə tutulur.
Görülən işlər çərçivəsində yeni tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqromühəndislik fakültəsinin tədris korpusu, tələbələr üçün 520 yerlik yeni ikinci yataqxana binasının, 1 və 2 nömrəli peşə liseyləri üçün 360 və 450 şagird yerlik binaların əsaslı təmirdən sonra açılışı planlaşdırılıb.
Həmçinin İsmət Qayıbov adına 2 min 140 şagird yerlik 1 nömrəli tam orta məktəb, Mikayıl Müşfiq adına 840 şagird yerlik 14 nömrəli tam orta məktəb, Səməd Vurğun adına 640 şagird yerlik 41 nömrəli tam orta məktəb, İmadəddin Nəsimi adına 1076 şagird yerlik 44 nömrəli tam orta məktəb, 280 şagird yerlik 25 saylı Körpələr evi-uşaq bağçası, 280 şagird yerlik 44 saylı Körpələr evi-uşaq bağçası, 5 nömrəli şəhər poliklinikası və 500 şagird yerlik 1nömrəli Peşə məktəbinin də yenidənqurma və əsaslı təmirdən sonra açılışları gözlənilir.
Eyni zamanda, 250 şagird yerlik sanatoriya tipli internat məktəbinin əlavə tədris korpusu və 280 şagird yerlik 2 nömrəli peşə məktəbinin yeni binasının tikintidən sonra açılışı olacaq.
Cari ildə Mirzə Şəfi Vazeh adına park və muzeyin, Gəncə Dövlət Filarmoniyasının, yeddimərtəbəli “Majestik Palace” oteli və Hacıkənd qəsəbəsində yeni inşa edilən “ARFA” mehmanxanasının tikintidən sonra açılışının olacağı bildirilir.
Gəncə Beynəlxalq Avtovağzalının, Gəncə “Bazar Store” MMC-nin və yeni 50 mənzilli yaşayışı binasının da açılışı nəzərdə tutulub.
Bununla yanaşı, Əziz Əliyev prospekti və Bəxtiyar Əliyev küçəsində kanalizasiya, su layihələri, işıq və qaz infrastrukturu bütünlüklə yenidən qurulub başa çatdırılacaq. Hazırda prospekt və küçənin divarları Gəncə memarlığına xas olaraq kərpiclə üzlənir. Prospektdə 7,8 kilometr uzunluğunda səki və asfalt salınır. Gəncə çayının sağ sahilində yaşayan əhali təhlükəli ərazidən köçürülür, çayın kənarı boyunca bəndquraşdırma işləri görülür və Sağ Sahil Bulvar Kompleksi salınır.
19,5 kilometr uzunluğunda İmamzadə-Zazalı yolunun Nizami prospektinə çıxışına qədər olan və 6 küçəni əhatə edən 58 min əhali yaşayan ərazi tamamilə yenidən qurulur, geniş yol salınır, səki çəkilir, işıq dirəkləri quraşdırılır.